Kanye Vest, yeni adı ilə Ye, 15 martda “X” hesabında “Lonely Roads Still Go to Sunshine” adlı mahnısını yayımlayıb. Mahnı qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tənqidlərin əsas hədəfi isə mahnıda yer alan reperlər – Diddi və onun oğlu Kinq Kombs olub.

Son aylarda Diddi haqqında ciddi ittihamlar səsləndirilib. Onun həbsdə olması və müxtəlif qurbanların verdiyi ifadələr, Kanyenin bu əməkdaşlığını daha da mübahisəli hala gətirib. Sosial mediada bir çox istifadəçi Kanyenin Diddi ilə işləməsini tənqid edib və bunun onun nüfuzuna mənfi təsir göstərdiyini bildirib.
Ye son aylarda şəxsi həyatı ilə də medianın diqqətindədir. Xüsusilə, həyat yoldaşı Byanka Çensorinin açıq-saçıq geyimlərlə ictimaiyyət qarşısına çıxması ilə bağlı xəbərlər reperin imicinə daha da zərər vurub.

Nort Vestin Mahnıda Yer Alması Son Damla Oldu
Kanyenin qızı Nort Vest də mahnıda ifaçı kimi iştirak edib ki, bu da yeni bir qalmaqala səbəb olub. Məlumata görə, Kim Kardaşyan qızının mahnıda yer almasına qəti şəkildə qarşı çıxıb, lakin Kanye bu qərarından dönməyib.

Beş dəqiqəlik mahnıda, həbsdə olan Diddinin Kanyeylə telefon danışığının bir hissəsi də səsləndirilib. Bundan əlavə, Ye “X” hesabında gələcək albomunun üz qabığı olacağı iddia edilən bir foto paylaşıb. O, bununla da kifayətlənməyərək antisemit paylaşımlar edib və Kendrik Lamarın “Not Like Us” mahnısından nifrət etdiyini bildirib. Bununla yanaşı, Kendriki reper kimi bəyəndiyini, lakin onun musiqi üslubunu xoşlamadığını vurğulayıb.
Bir zamanlar hip-hop mədəniyyətində inqilab etmiş Kanye Vest, bu gün daha çox qalmaqalları, sərt açıqlamaları və mübahisəli addımları ilə gündəmə gəlir.