Fiftysix Magazine

Menyu
Edit Template

Çapel Roandan-Çarliyə məşhur ifaçıların Met Qala 2025 görünüşləri

2025-ci il Met Qala gecəsi dəb dünyasında ilin ən vacib hadisələrindən biri kimi tarixə düşdü. Bu ilki tədbir “Superfine: Tailoring Black Style” mövzusu ilə yadda qaldı və bir çox məşhur sima qırmızı xalçada müasir, iddialı və klassik tərzləri ilə diqqət çəkdi. Gecədə həm stil, həm də musiqi dünyasının ulduzları öz fərdi üslublarını nümayiş etdirərək mövzuya mükəmməl uyğunlaşdılar. Seçdikləri geyimlər parlaq detallar, xüsusi dizaynlar və unudulmaz anlarla tədbirə damğa vurdu. Onlardan bəzilərinə diqqət yetirək.

Dia Dipasupil/Getty Images /Vogue

Sabrina Karpenter, “Louis Vuitton” tərəfindən xüsusi hazırlanmış tünd qırmızı bodi və uzun quyruqlu ağ yaxalı pencəklə gecəyə qatıldı. Geyim, Farel Uilyamsın kreativ rəhbərliyində hazırlanmış və tədbirin mövzusuna müasir yanaşma təqdim edirdi. Bu, Sabrina Karpenterin Met Galaya üçüncü qatılımı idi. O, daha əvvəl 2022-ci ildə Pako Raban, 2024-cü ildə isə Oskar de la Renta dizaynları ilə tədbirdə iştirak etmişdi. Hazırda “Short n’ Sweet” adlı dünya turunun Avropa hissəsini tamamlayan Sabrina, payızda Şimali Amerikada çıxışlarını davam etdirməyi planlaşdırır. “Louis Vuitton” imzalı geyimi onun dəbdəki mövqeyini daha da gücləndirdi.

Getty Images

Dua Lipa, “Chanel”in 45.000-dən çox əl işi detalları olan şifon, tüvit və orqanza parçalı libası ilə qırmızı xalçada göründü. Geyim zərifliyi və incə işləmələri ilə onun dəb estetikasını ön plana çıxardı. Dua Lipa, aktyor Kallum Törnerlə birlikdə ilk dəfə cütlük kimi tədbirə qatılaraq diqqət mərkəzində oldu.

Dia Dipasupil/Getty (From People.com site)

Çarli XCX, Ann Demölemeister imzalı, kəskin çiyinli pencək, şəffaf ətək və tüklü başlıqla “Brat” dövrünə uyğun sərt və fərdi üslubunu əks etdirdi. Qara rəngli bu gotik görünüş tədbirin mövzusuna tam uyğun gəlirdi. Tünd göz makiyajı, təbii dodaqlar və asimmetrik topuz saç düzümü ilə stilini tamamlayan sənətçi, Met Galada üçüncü çıxışını etdi.

Getty Images (People.com)

Lorde, Tom Braun dizaynı olan gümüşü bantlı üst, korsetli ətək və uyğun pencəklə gecəyə qatıldı. Gümüş balıq fiqurlu hörük saç düzümü və neytral makiyajı onun gender ifadəsini və fərdiliyini vurğuladı. Bu görünüş, iyunun 27-də çıxacaq “Virgin” albomunun təqdimatı kontekstində də simvolik idi.

Dia Dipasupil/Getty (From People.com site)

Mayli Sayrus, “Alaïa” dizaynı timsah dərili qısa top və büzməli tafta ətəklə rok və zərifliyi birləşdirən tərzini nümayiş etdirdi. “Cartier” boyunbağı, qara gün eynəyi və origami tərzli hörüklər görünüşə sərtlik və incəlik qatdı. Gecə sonrası yeni sinqlı “More to Lose”u elan edərək həm dəbdə, həm də musiqidə dönüşünü qeyd etdi.

Photo: Gilbert Flores
(From Billboard.com site)

Lana Del Rey, “Valentino” markasının Alessandru Mikele tərəfindən dizayn edilmiş teatrallıq və zərifliyi birləşdirən libası ilə gecədə iştirak etdi. Qara məxmər və qəhvəyi atlasdan hazırlanmış libas dantel, tüklər və plisə ətəklə tamamlanmışdı. Onun qızıl alliqator formalı saç aksesuarı həyat yoldaşı Ceremi Düfrenəyə bir istinad idi. Bu, Del Reyin Met Qaladakı dördüncü çıxışı oldu.

Photo Credit : Dimitrios Kambouris/Getty Images for The Met Museum/Vogue

Şakira, Prabal Qurunq tərəfindən hazırlanmış parlaq çəhrayı paltarla qırmızı xalçaya çıxdı. Geyim mövzu ilə tam uyğun olmasa da, zərifliyi və şahzadə tərzi ilə fərqləndi. Kəsik detalları, iri kuşağı, şəffaf əlcəklər və daşlı boyunbağı ilə görünüş tamamlanmışdı. Rihanna ilə görüşündə Şakiranın təsadüfən onun hamilə olduğunu açıqlaması sosial mediada səs-küyə səbəb oldu.

Photo: Michael Buckner

Koko Cons, krem rəngli, dantel və inci işləməli, dərin V dekolteli kostyum geyinərək “black dandy” estetikası ilə mövzuya uyğunlaşdı. Yerə qədər uzanan hörükləri və yumşaq tonlarda makiyajı görünüşün əsas vurğularından idi.

Photo Credit : Theo Wargo/FilmMagic

Çapel Roan, Paul Tezeuell tərəfindən dizayn edilmiş parlaq çəhrayı patchwork kostyum geyindi. Geniş qollu pencək və bəzəkli “bell-bottom” şalvarla 1970-ci illərin diskoteka ruhunu əks etdirən Roan, geniş pelerinini çıxararaq kostyumun incəliyini önə çıxardı.

Dimitrios Kambouris/Getty

Nicole Şerzinger, Met Qala debütünü Prabal Gurung imzalı parlaq ağ zolaqlı libasla etdi. Jilet formasında başlayan və aşağıya doğru parıldayan zolaqlarla davam edən libas klassik Amerika siluetlərini və fərdi üslubu birləşdirirdi.

Nəticə olaraq, 2025 Met Qala “Superfine: Tailoring Black Style” mövzusunda dəb və musiqi dünyasının ulduzlarının cəsarətli və fərdi görünüşləri ilə yadda qaldı. Gecə, yeni trendlərin formalaşdığı və fərdi üslubların vurğulandığı tarixi anlardan biri kimi dəbdə iz qoydu.

Mənbə: Vogue, Harper’s Bazaar, Elle, People, Billboard

Yazar: Əli Hüseyn

Scroll to Top