Bəzən həyatımıza elə insanlar girir ki, ilk baxışda parlaq görünürlər. Onların sözləri cazibədar, baxışları özündən əmindir. Sanki sənə yeni bir dünya təqdim edirlər, sən də buna inanıb ayaqqabılarını qapıda çıxarıb, ruhunla o dünyanın içində yeriməyə başlayırsan. Ta ki, bir şeyin fərqinə varırsan: bu dünya sənin yox, yalnız onların dünyasıdır.
Bu adamların dili “biz” deməyi bacarmır. Hər cümlənin əvvəli və sonu “mən”lə bitir. “Mən belə edirəm, mən elə düşünürəm, mən haqlıyam…” Və sən tədricən silinirsən. Sənin fikirlərin – “qeyri-ciddi”, sənin hisslərin – “həddindən artıq”, sənin varlığın – “detal”.
Egoist insanlar bizim həyatımıza zərif və şirin maskalarla girirlər. Onlar səni əvvəlcə dinləyir, sonra yönləndirir və nəhayət – səni öz hekayələrində kölgə halına salırlar. Ən pisi odur ki, sən bunu anlayanda artıq çox gec olur. Çünki çoxdan öz yerindən, öz gücündən, öz haqlarından imtina etmisən – təkcə onların “mən”i daha xoşbəxt olsun deyə.
Onlar sevgi verirmiş kimi edərlər. Amma əslində, sevilmək üçün gəlmiş olurlar. Onlar səni seçirmiş kimi görünərlər. Amma əslində, özlərini bir az da üstün hiss etmək üçün sənin yanında olurlar.
Bu insanlar həyatımıza dərin çatlar açır. Qürurumuzu, öz dəyərimizi və güvənimizi zədələyir. Və sonra nə edir bilirsən? Gedirlər. Çünki özlərinə yetəcək qədər enerji, heyranlıq və təsdiq alıblar artıq.
Amma burda dayanmaq olmaz. Çünki bu zədəli yerlərdən bəzən çiçəklər də boylanar. Özünü tanımağa başlayırsan. “Mən nə istəyirəm?” sualını ilk dəfə dürüst verirsən. Və cavabı axtararkən anlayırsan: sən “mən” deyən biri olmayacaqsan. Sən “biz” deməyi bilən, ürəkdən sevən və sevilməyə layiq birisən.
Ona görə də, bir gün qarşına yenə bir “mən” deyən çıxarsa… susma. Özünü unutma.
Çünki onların “mən”i sənin “biz”in qiymətinə başa gəlməməlidir.