Fiftysix Magazine

Menyu
Edit Template

Disneyin əfsanəvi “Lilo and Stitch” animasiyası yenidən canlanır

Uşaqlıq illərinin unudulmaz animasiyalarından biri olan “Lilo və Stitch” bu dəfə tam fərqli formatda – film kimi kinoteatrlara qayıdıb. 2002-ci ilin sevimli klassikası illər sonra yenidən ekranlarda görünür, özü də daha emosional, daha vizual və bir qədər də böyüklərə xitab edən formada.

23 may 2025-ci il tarixində nümayişə çıxan yeni film artıq sosial mediada və kinosevərlər arasında böyük maraq doğurub. Disney bu layihə ilə həm köhnə nəsli nostalji ilə ovundurur, həm də yeni tamaşaçı nəslinə “ohana” – yəni ailə – anlayışının dəyərini çatdırmağa çalışır. Yeni versiyada süjet demək olar ki, dəyişməyib. Havay adalarında yaşayan kiçik Lilo və genetik təcrübə nəticəsində yaranmış, dağıdıcı xarakterli yadplanetli varlıq – Stiç – bir-birini tapır, sevir və dəyişir. Ancaq bu dəfə vizual effektlər, aktyor ifaları və musiqi filmin daha dərin qatlarına enməyə şərait yaradır.

Lilo obrazını əslən Havaylı olan gənc aktrisa Maia Kealoha canlandırır. O, həm məsumluğu, həm də inadı ilə orijinal obrazın ruhunu qoruyur. Stiç isə əvvəlki kimi animasiyadır, amma bu dəfə “CGI” texnologiyası ilə daha realist formada təqdim olunur. Səsinə isə yenə Kris Senders həyat verir – bu da nostalji bağın qorunmasında önəmli rol oynayır.

Film Havayda – əsasən Oahu adasında çəkilib və bu təsadüfi seçim deyil. Disney, bu dəfə sadəcə bir uşaq hekayəsi danışmaq yox, eyni zamanda Havay mədəniyyətinə ehtiram göstərmək istəyib. Bu məqsədlə layihəyə yerli məsləhətçilər də cəlb olunub. Hər səhnədə, hər musiqidə və hətta kostyumlarda belə bu hiss olunur.

“Ohana ailə deməkdir. Ailə isə heç kimin tərk olunmadığı və unudulmadığı yerdir” – bu cümlə, bu gün də filmin əsas fəlsəfəsi olaraq qalır və yeni versiyada daha çox vurğulanır.

Filmin ilk nümayiş günü 14 milyon dollarlıq gəlirlə nəticələndi – bu, uşaq və ailə filmləri üçün kifayət qədər uğurlu başlanğıcdır. Tənqidçilər vizual baxımdan zənginliyi və Lilo obrazının uğurlu canlandırılmasını təqdir ediblər.

Mənbələr:
Wikipedia,
Condé Nast Traveler,
The Washington Post.

Scroll to Top