Azərbaycan musiqi sənətinin parlaq ulduzu, Xalq artisti Aygün Kazımova “Best of Aygün Kazımova” adlı yeni layihəsi ilə musiqisevərlərin qarşısına çıxır. Bu unikal layihədə ölkənin 20-dən artıq tanınmış sənətçisi bir araya gələrək Kazımovanın ən sevilən və zamanla sınaqdan çıxmış hitlərini yenidən ifa edəcək.
Layihənin əsas məqsədi Aygün Kazımovanın məşhur mahnılarını müasir ifa tərzi ilə təqdim etmək və onun yaradıcılığını yeni nəsillərə çatdırmaqdır. Albomda yer alan mahnılar sənətkarın zəngin karyerasında xüsusi yer tutan, dinləyicilərin yaddaşında silinməz iz qoyan əsərlərdən ibarətdir.
“Best of Aygün Kazımova” layihəsində Azərbaycanın tanınmış ifaçıları — Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artist Lalə Məmmədova, Aysel Əlizadə, Ayaz Babayev, Dilərə Kazımova, Elvin Babazadə, Gülay Zeynalı, İradə İbrahimova, Kazım Can, MadTeen, MEHİN, MİRO, Nuran, Səidə Sultan, YAP10 və digər sənətçilər iştirak edir. Hər biri Aygün Kazımovanın sevilən mahnılarını öz fərdi ifa tərzi ilə dinləyicilərə təqdim edəcək.
Artıq ifaçılar mahnılarını yeni aranjımanda təşkilatçılara təqdim ediblər. Albomun payız aylarında işıq üzü görəcəyi gözlənilir.
Musiqi mütəxəssisləri bildirirlər ki, layihənin yayımlanmasından sonra sənətçilər arasında güclü rəqabət yaranacaq və albom musiqi sənayesinin kulislərində uzun müddət gündəmdə qalacaq.
Layihə həm musiqi sənətçiləri, həm də azarkeşlər üçün xüsusi maraq kəsb edir. “Best of Aygün Kazımova” sayəsində sənətkarın yaradıcılığına yenidən nəzər salmaq və müasir musiqi mühitində onun əvəzsiz mahnılarını dinləmək mümkün olacaq.