Fiftysix Magazine

Menyu
Edit Template

Elza Seyidcahan və Roza Zərgərli arasında məhkəmə işi yekunlaşdı

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərlinin bir neçə aydır davam edən məhkəmə çəkişməsinə Yasamal Rayon Məhkəməsində son qoyulub. İctimaiyyətin diqqət mərkəzində olan bu prosesdə tərəflər bu dəfə səhnədə deyil, məhkəmə zalında üz-üzə gəliblər.

Elza Seyidcahan həmkarı Roza Zərgərlini xüsusi ittiham qaydasında məhkəməyə verib. O, iddia edib ki, müğənni “YouTube” platformasında yayımlanan verilişlərin birində onun şərəf və ləyaqətini təhqir edən ifadələr səsləndirib. Şikayət ərizəsində qeyd olunub ki, Roza Zərgərli çıxışında “Bağışla Elza, bağışla məni, şou-biznesə təlxəklər, meymunlar lazımdır. Sadəcə pulsuzsan da, pulla oynayan meymunlar lazımdır. Elza şeirində deyir ki, ağzını aç, tüpürüm, tüpürcəyim bal dadır, sənin üzünə bal lazımdır. Bu adamın başı işləmir. Dinlə məşğul olan adamlar hara baxır? Bu dəlinin qabağını almırlar… İfaçı kimi zay…” kimi ifadələr işlədib.

Deputatlığa da namizəd olmuş E. Seyidcahan hesab edib ki, səsləndirilən “təlxək”, “dəli”, “zay” kimi sözlər onun şəxsiyyətini alçaldıb və ictimai nüfuzuna xələl gətirib. Bu səbəbdən əməkdar artist həmkarının 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə iclaslarında Roza Zərgərli ittihamı qəbul etməyib. O bildirib ki, səsləndirdiyi fikirlər təhqir deyil, sadəcə tənqid xarakteri daşıyıb:

“Mən onun şair kimi bal, ifaçı kimi zay olduğunu demişəm. Bununla həm tənqid, həm də tərif etmişəm. Üstəlik, həmin verilişdə Elzanı mükəmməl bəstəkar kimi təqdim etmişəm” – deyə müğənni məhkəmədə açıqlama verib.

İşin obyektiv araşdırılması üçün məhkəmə prosesində ekspertiza keçirilib. Ekspert rəyində göstərilib ki, təqsirləndirilən şəxsin işlətdiyi “təlxək”, “meymun”, “dəli” kimi ifadələr mənası etibarilə şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılması hesab oluna bilər. Lakin bu sözlər ədəbi dilin hüdudlarını aşmır, nalayiq leksikaya daxil edilmir və cinayət tərkibi yaratmır.

Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadə yekun hökmü elan edib. Hakim ekspert rəylərini əsas götürərək Roza Zərgərlinin bəraətinə qərar verib.

Məhkəmə həmçinin izah edib ki, müğənni Roza Zərgərli qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb olunduğuna görə, dəymiş zərərin ödənilməsi ilə bağlı müvafiq iddia qaldırmaq hüququna malikdir.

Scroll to Top