Azərbaycanlı gənc aktyor Eldar İsgəndərov dünya kino industriyasında böyük addım atmağa hazırlaşır. O, məşhur rejissor Qrant Sinqerin çəkəcəyi “Reenakt” adlı yeni bədii filmdə Benisio Del Toro, Kameron Diaz və Ana De Armas kimi Hollivud nəhəngləri ilə birlikdə ekran qarşısına keçəcək.
Layihə ətrafında ciddi məxfilik qorunur: həm filmin süjeti, həm də aktyor heyətinin obrazları – Eldar İsgəndərovun rolu da daxil olmaqla – hələlik tam olaraq açıqlanmır. Məlum olan tək fakt isə odur ki, filmin çəkilişləri bu ilin sonlarında Los-Ancelesdə start götürəcək.
Eldar İsgəndərovun uğurlu karyera yolu da diqqət çəkir. Əslən azərbaycanlı olan aktyor Niderland və Belçikada böyüyüb, daha sonra isə Savanna İncəsənət və Dizayn Kollecində təhsil alıb. “Reenakt” onun bu il çəkildiyi üçüncü bədii ekran işi olacaq.
Gənc aktyor artıq Hollivudun tanınmış adları ilə əməkdaşlıq edib: o, Jesse Eisenberqin “A24” və “Fruit Tree” üçün çəkdiyi, hələ təqdim olunmamış musiqili komediyada, həmçinin “Topic Studios” istehsalı olan Jordan Firstmanın rejissor debütü “Club Kid” filmində baş rollarla çıxış edib.
Görünür, Eldar İsgəndərovun Hollivud hekayəsi hələ yeni başlayır — və biz onu böyük ekranların gələcək ulduzlarından biri kimi görməyə çox yaxınıq.