Skip to content

Fiftysix Magazine

Köşə yazısı: Zövqlü olmaq mifi yumuşaq tənqid

Son illər bizə sakit-sakit bir fikir sırınıb yeridilir:
əgər bir şey məşhurdursa, deməli yaxşıdır.
əgər hamı dinləyirsə, baxırsa, paylaşırsa deməli, sevməlisən.

Bu artıq zövq deyil. Bu, təslimiyyətdir.

Mainstreamə üstünlük verənlərin arqumenti sadədir:
“Hitdirsə, pis ola bilməz.”
Elə bil milyonlu baxış estetik ölçü vahididir. Elə bil keyfiyyət səs çoxluğundan doğur.

Sonra isə dilimizə müəyyən sözlər daxil olur:
“cringe”, “hype”, “overrated”.

Bu sözlər fikir deyil.
Bu sözlər düşünməmək üçün sipərdir.

Bir şeyi “cringe” adlandırmaq onu analiz etməkdən qaçmaqdır.
“Hype” demək — mövqesizliyin müasir sinonimidir.
“Hamı baxır” — artıq arqument sayılır.

Ən təhlükəlisi isə budur:
insanlar zövqlərini yox, algoritmi müdafiə etməyə başlayırlar.

Avroviziyada bunu açıq-aydın görürük.
Mərclərə baxılır, oranı əsas götürüb “şəxsi top” qurulur.
Sevdiyin mahnı yox, qalib gəlməsi ehtimal olunan mahnı önə çıxır.
Sanki musiqi yarış deyil, maliyyə proqnozudur.

Seriallar da eyni aqibəti yaşayır.
Mənasızdır, boşdur, uzadılıb — fərqi yoxdur.
Əsas odur ki, “hamı baxır”.
Çünki kənarda qalmaq qorxusu, zövqsüz görünmək qorxusundan daha güclüdür.

Amma burada bir həqiqət var ki, çox az adam qəbul etmək istəyir:
zövq rahatlıq istəmir.
Zövq risk istəyir.
Zövq tək qalmağı bacarmaqdır.

Və bu yazını son günlərdə təsadüfən qarşıma çıxmış müəllifi ölkənin əsas ulduzlarından olan Samir Bağırovun qeydi ilə bitiriəm.

“Zövqlü insanlar trend olmur, trend yaradır.”

Bu cümlə elitist deyil.
Bu cümlə xəbərdarlıqdır.

Çünki trendin arxasınca qaçan heç vaxt istiqamət göstərmir.
Sadəcə izdihamın səsini təkrarlayır.

Və bəlkə də problem ondadır:
biz artıq sevməyi yox, uyğunlaşmağı zövq hesab edirik.

Bu isə mədəniyyət deyil.
Bu, kütləvi vərdişdir.