Musiqi gündəmi yenə də sürətlidir. Tiktok ilin qlobal adını elan edir, “Avroviziya” tarixinin ən maraqlı illərindən birinə hazırlaşır, pop ulduzlar isə səhnədən kənarda da gündəmi tutmağı bacarır. Son günlərin diqqət çəkən musiqi xəbərlərini qısaca çatdırırq;
TikTok “KATSEYE”ni 2025-ci ilin Qlobal Artisti elan etdi
TikTok-un illik reytinq siyahısına bu il KATSEYE başçılıq edib. 2024-cü ildə debüt edən qız qrupu Bad Bani, Stray Kids, Teylor Svift və Ledi Qaqa kimi super ulduzlarla eyni sırada yer alıb. Qrupun mahnıları platformada 30 milyard baxış, 12 milyon fərqli video ilə istifadə olunub və KATSEYE qısa müddətdə qlobal səhnənin əsas adlarından birinə çevrilib.
Avroviziya 2026: 35 ölkə ilə rekord dərəcədə az iştirak
Avropa Yayım Birliyi 2026-cı ildə keçiriləcək Avroviziya mahnı müsabiqəsində 35 ölkənin iştirak edəcəyini açıqlayıb. Vyanada baş tutacaq sayca 70-ci müsabiqəyə Bolqarıstan, Ruminiya və Moldova geri dönür. İsrailin iştirakı ilə bağlı uzunmüddətli narazılıqlardan sonra isə Niderland, İspaniya, Sloveniya, İslandiya və İrlandiya yarışmadan imtina edib. Müsabiqə 12, 14 və 16 may tarixlərində keçiriləcək.
Kardi B-nin Səudiyyə Ərəbistanı səfəri viral oldu
Kardi B-nin Ər-Riyadda keçirilən “MDLBEAST” festivalındakı çıxışı sosial mediada geniş rezonans doğurub. Reperin səhnədə ərəbcə “Əssəlamu aleykum” deməsi və yerli mədəniyyətə yaxın davranışı videoların sürətlə yayılmasına səbəb olub. Pərəstişkarları ona sevgi ilə “Halal B” ləqəbi verib və bu ifadə qısa zamanda trendə çevrilib.
Meray Kerri Billboard tarixində rekord yenilədi
“All I Want for Christmas Is You” mahnısı Billboard Hot 100-də 20-ci həftədir 1-ci yerdədir. Bununla da mahnı Hot 100 tarixində ən uzun müddət zirvədə qalan ifa olub və “Old Town Road”un rekordunu geridə qoyub. Meray Kerri Milad klassikası ilə yenidən tarix yazıb.
Aisel və Brilliant Dadaşovadan yeni duet
Aisel və Brilliant Dadaşova yeni mahnılarını yayımlayıb. Layihə iki ifaçının ilk birgə işi kimi təqdim olunur və mahnı hazırda əsas rəqəmsal musiqi platformalarında dinləyicilər üçün əlçatandır. Duet Azərbaycan pop musiqisində fərqli nəsillərin eyni layihədə bir araya gəlməsi baxımından diqqət çəkir.
Hiss “Başqa Adamlar” mahnısını yayımladı
Hiss yeni mahnısı “Başqa Adamlar” ilə dinləyicilərin qarşısına çıxıb. Mahnı ayrılıq sonrası hissləri əks etdirir və artıq YouTube və digər rəqəmsal platformalarda dinləməyə açıqdır.