Skip to content

Fiftysix Magazine

2025-ci il Azərbaycan Estradası: Yeniliklər və Geri Dönüşlər

Hər il olduğu kimi, 2025-ci il də Azərbaycan estradası üçün rəngarəng və hit mahnılarla yadda qaldı. Bu il musiqi fəaliyyətini dayandırmış ifaçıların yenidən səhnəyə qayıtmasına, həmçinin yeni səslərin aramıza qatılmasına şahid olduq. Gəlin baxaq, 2025-ci il estradamız üçün necə səciyyələndi.

Aygün Kazımova: Pop Divanın İlhamı

Müasir estadanın yaradıcısı hesab olunan Aygün Kazımova 2025-ci ildə də yaradıcılığı ilə diqqət çəkdi. Pop diva bu il ərzində “Üfüq”, “Əlcək”, “Abrakadabra” və “Rəqs” kimi sinql parçalarını yayımladı. Xüsusilə “Abrakadabra” sosial platformalarda böyük populyarlıq qazanaraq dinləyicilərin sevgisini qazandı. Kazımovanın bu il ərsəyə gətirdiyi ən böyük layihə isə digər albomlarından fərqlənən “Best of Aygun: All stars” albomu oldu. Albomda Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, İradə İbrahimova və digər sənətçilər Kazımovanın məşhur və sevilən ifalarını səsləndirərək onlara yeni nəfəs verdilər. Bu layihə sənətçinin yaradıcılığı ərzində ən önəmli və kreativ layihələrdən biri hesab olunur.

Röya Ayxan: Rəngarəng İfa Dünyası

Azərbaycan estradası üçün çox önəmli adlardan olan Röya Ayxan da 2025-ci ildə ifaları ilə rəng qatdı. Sənətçi il ərzində “Elə bilmə”, “Nuş olsun”, “Boş bəhanələr” və “Qürur” kimi hit parçalarını təqdim etdi. Bundan əlavə, Röya Ayxan keçmiş sevilən ifalarının audio versiyalarını daha keyfiyyətli şəkildə YouTube platforması üzərindən izləyiciləri ilə bölüşdü.

Samir Bağırov: Geri Dönüş və Yeni İfa

Uzun illər səhnələrdə görünməyən Samir Bağırov 2025-ci ildə yenidən musiqi fəaliyyətinə qayıtdı. Sənətçi bu il ərzində “Dön” və “Ölmədən öncə” adlı yeni parçalarını yayımlayaraq dinləyicilərin qarşısına çıxdı. Onun geri dönüşü xüsusilə uzun illərdir yaradıcılığını izləyən pərəstişkarları tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.

Hiss: Solo və Duet Layihələr

2025-ci ildə musiqi fəaliyyətləri ilə diqqət çəkən ifaçılardan biri də Hiss oldu. Sənətçi il ərzində “Başqa adamlar”, “Gün gələr”, “Heç nə”, “Sevə-sevə” və “Kim qalacaq” adlı parçalarını təqdim etdi. Bu layihələr arasında həm solo ifalar, həm də duetlər yer alaraq Hissin yaradıcılıq baxımından müxtəlifliyini nümayiş etdirdi.

İradə İbrahimova: Uzun Mola və Yenidən Səhnədə

Uzun müddət səhnələrdən uzaq qalan İradə İbrahimova da 2025-ci ildə geri dönüş etdi. Sənətçi il ərzində “Milyonda bir”, “Adın yox” və “Ayrılıq olmasa” adlı parçalarını dinləyicilərə təqdim etdi. Bu ifalar emosional dərinliyi və İradə İbrahimovaya xas interpretasiyası ilə seçilərək onun yaradıcılıq üslubunun qorunduğunu göstərdi. Onun geri dönüşü estrada ictimaiyyəti tərəfindən maraq və müsbət rəylərlə qarşılandı.

Lalə Məmmədova: Solo və Duetlərlə İl Boyu

Tanınmış sənətçilərdən olan Lalə Məmmədova da 2025-ci ildə yaradıcılığı ilə diqqət çəkdi. Sənətçi “Səadətim”, “Al canımı gülə-gülə” adlı solo ifalarını, eləcə də Yap10 ilə duet olaraq səsləndirdiyi “Lalə” adlı parçanı təqdim etdi. Xüsusilə duet layihəsi fərqli musiqi üslublarının sintezi baxımından maraqla qarşılandı və geniş dinləyici auditoriyasına xitab etdi.

TikTok Trendləri və Gənc Səslər

2025-ci ildə TikTok platformasında xüsusi maraq görən mahnılar da Azərbaycan estradasının dinamikliyini nümayiş etdirdi. Qısa video formatına uyğun melodiyası və yadda qalan fraqmentləri ilə seçilən ifalar sürətlə geniş auditoriyaya yayıldı.

Bu platformada populyar olan parçalar arasında Namiq Qasımov – “Bəsimsən”, Qaraqan – “Gəl və bax”, Hiss – “Sevə-sevə”, Kazımcan – “Danış mənimlə”, Ayaz Babayev & Hiss – “Deyilənlər”, və Günay İbrahimli – “Mən beləyəm” yer aldı. Bu mahnılar müxtəlif challenge-lər, coverlər və gündəlik videolar vasitəsilə trend oldu, sənətçilərin daha böyük auditoriyaya çatmasına imkan yaratdı.

Ümumilikdə 2025-ci il Azərbaycan estradası üçün həm nostalji geri dönüşlər, həm də yenilikçi addımlar ili oldu. Tanınmış sənətçilərin uğurlu layihələri ilə yanaşı, yeni səslərin və gənc ifaçıların ortaya çıxması estradamızın daim inkişaf etdiyini və dinamikliyini qoruduğunu bir daha göstərdi.