Abor and Tynna – Avstriyalı bacı-qardaş dueti, Attila və Tünde Bornemisza-dan ibarətdir. Pop, hip-hop və elektron musiqi janrlarında fəaliyyət göstərən duet 2025-ci ildə Almaniyanı Avroviziyada təmsil edəcək.
Macar-Rumın əsilli sənətçi ailəsində böyüyən ifaçıların atası Çaba Bornemisza 1993-cü ildən Vyana Filarmonik Orkestrinin çellistidir. Musiqi mühiti içində yetişən bacı-qardaş 2016-cı ildə ilk mahnılarını yazıb, 2024-cü ildə isə Nina Chuba-nın turunda çıxış ediblər.
2025-ci ildə Almaniyanın “Chefsache ESC 2025 – Wer singt für Deutschland?” seçim turunda “Baller” mahnısı ilə qalib gələrək Avroviziya səhnəsinə vəsiqə qazanıblar. Bu mahnı onların Bittersüß adlı debüt albomuna daxildir.
Tünde Bornemisza yarışmada yeganə tam alman dilində ifa olunan mahnını oxuyur, Attila isə onu çelloda müşayiət edir. Almaniya 2007-ci ildən sonra ilk dəfə Avroviziyada ana dilində çıxış edəcək.
