Fiftysix Magazine

Menyu
Edit Template

Amir Paşayev – Sənətə gedən yol, səhnə və liderlik arzusu

Azərbaycan musiqi səhnəsində parlayan yeni nəsil sənətçilər arasında Amir Paşayev öz dəst-xətti ilə seçilir. Klassik vokaldan pop estradaya, televiziya aparıcılığından bəstəkarlığa qədər fərqli sahələrdə özünü sınayan ifaçı, hər zaman yeni çağırışlara açıqdır. Adının mənası “lider, öncü” deməkdir və o, bu ada layiq bir sənət yolçuluğu qurmaqda israrlıdır.

Musiqi ilə ilk tanışlıq, səhnəyə aparan yol.

“Mənim 3-4 yaşım olanda Azərbaycan estradası öz qızıl dövrünü yaşayırdı. Kliplər, mahnılar – hər şey yüksək səviyyədə idi. Hələ danışmağı bilməsəm də, Aygün Kazımovanın hər kəs tərəfindən necə sevildiyini görürdüm və düşünürdüm ki, yəqin müğənni olsam, məni də hamı sevəcək.”

Bu sevgi onu musiqiyə gətirib. O, qarmon, gitara, piano kimi alətləri sınaqdan keçirdikdən sonra klassik vokal üzərində qərar tutub. Bakıda anadan olan Amir, Georgi Şaroyev adına 35 nömrəli musiqi məktəbində vokal sinfini bitirib, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqili Teatr Aktyorluğu fakültəsində təhsil alıb.

Səhnəyə olan marağı təkcə ifa ilə məhdudlaşmayıb – o, “Worldstar”, “Discovery International Pop Festival”, “Səs Azərbaycan” və “Formula 1” kimi mötəbər layihələrdə iştirak edib. 2018-2019-cu illərdə isə AzTV-də Gənclər və İdman Nazirliyinin hazırladığı “MAG” verilişinin aparıcısı olub.

İlham mənbələri: Dalida, Emi Vaynhaus, “One Direction” və…

Amir Paşayevin musiqi zövqü olduqca genişdir. O, klassik səslərdən tutmuş müasir pop dalğalarına qədər hər kəsdən bir şey öyrənməyə çalışır.

“Dalida, Emi Vaynhaus – bu iki sənətkarın musiqisi məni həmişə ilhamlandırıb. Eyni zamanda, Lara Fabian və Tünzalə Ağayeva kimi güclü vokal ifaçıları da mənim üçün böyük rol oynayıb. Yeniyetməlik illərimdə isə “One Direction” dinləyirdim, xüsusilə Liam Peyn və Harri Staylsın ifalarını bəyənirdim.”

Bu geniş musiqi palitrası onun ifa tərzinə də sirayət edib. O, bütün janrlara açıq olduğunu desə də, son illərdə əsas diqqətini öz bəstələrinə yönəldib.

Səhnəyə öz imzasını atmaq, “Uzaqsan”dan “Gedərdim”ə

Son illərdə Amir Paşayev öz mahnıları ilə Azərbaycan musiqi səhnəsində addım-addım irəliləyir. O, “Uzaqsan” (2020), “Baxma” (2022), “Niyə?!” (2023) və “Gedərdim” (2024) kimi şəxsi sinqlları ilə dinləyicilərin diqqətini çəkib. Bundan başqa, Miri Yusifin məşhur “Dəniz” mahnısının nəqarəti də ona aiddir.

Hazırda isə İsa Məlikovun bəstəsi olan yeni mahnı üzərində çalışır. Bu layihə Nazirliyin xüsusi dəstəyi ilə ərsəyə gəlir və ifaçı üçün yeni bir mərhələnin başlanğıcı olacaq.

Estrada və gələcək planlar: Daha böyük səhnələrə doğru.

Müasir Azərbaycan estradasına gəldikdə, Amir Paşayev optimistdir, lakin keyfiyyət məsələsində seçicidir.

“Mən düşünürəm ki, estrada daim dəyişən bir sahədir. Əsas olan, bu dalğanın içində öz üslubunu qoruyub saxlamaqdır. Son üç aydır ki, aktiv şəkildə vokal, rəqs, aktyorluq və media ilə ünsiyyət bacarıqlarımı inkişaf etdirirəm. Hər şeyi sıfırdan öyrəndiyimiz bu dövr mənim üçün çox önəmlidir. Bu yolda mənimlə bərabər Uşaq Avroviziya iştirakçısı Sona və “Səs Azərbaycan”dan Könül də var.”

O, artıq Avroviziya səhnəsinə tək çıxmaqdan çəkinmir. Əksinə, daha böyük layihələrə imza atmaq arzusundadır.

Və bəs niyə məhz “Amir”?

“Amir – lider, öncü deməkdir. Bu adı özüm üçün səhnə ləqəbi kimi seçdim. Əsl adım Hamzadır, amma sənətdə öz yolumu quranda Amir olmaq qərarına gəldim.”

O, indi yalnız öz yolunu getmir, həm də yeni musiqi dalğası yaratmağa çalışır. Və bu, sadəcə bir başlanğıcdır.

Scroll to Top