69-cu Avroviziya Mahnı Müsabiqəsinin şərhçi heyəti açıqlanıb. Bu il müsabiqə İctimai Televiziya vasitəsilə tanınmış müğənni, musiqi prodüseri və pedaqoq Elnarə Xəlilova, eləcə də televiziya və radio aparıcısı Ağa Nadirovun təqdimatında yayımlanacaq.
Müsabiqənin birinci və ikinci yarımfinal mərhələləri müvafiq olaraq 13 və 15 may tarixlərində, final isə 17 mayda keçiriləcək. Bütün mərhələlər saat 23:00-dan etibarən canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan builki müsabiqənin birinci yarımfinal mərhələsində 10-cu sırada səhnəyə çıxacaq.
Təqdimat heyətində yer alan Elnarə Xəlilova Avroviziya da ilk dəfə şərhçi qismində çıxış edəcək. Musiqi sahəsindəki zəngin təcrübəsi və səhnə fəaliyyəti ilə tanınan sənətçinin bu yeni rolda necə çıxış edəcəyi böyük maraqla gözlənilir. Ağa Nadirov isə artıq bu sahədə müəyyən təcrübəyə malikdir. O, 2021-ci ildə keçirilmiş Uşaq Avroviziya Mahnı Müsabiqəsinin yayımları zamanı şərhçi qismində çıxış edib.
Yeni təyin olunmuş şərhçilər tamaşaçılara peşəkar və informativ yayım təqdim etməyi hədəfləyirlər.
