Fiftysix Magazine

Menyu
Edit Template

Aygün Kazımova “Etiraf” etdi

Xalq artisti Aygün Kazımova illərdir ənənəsinə sadiq qalaraq, bu il də ad günündə sevənlərinin qarşısına möhtəşəm bir layihə ilə çıxıb.


Pop musiqinin kraliçası bu dəfə 38 illik musiqi fəaliyyətində zirvəyə qalxma hekayəsini təqdim edib. O, həyatından bəhs edən “Etiraf” adlı mahnısını və həmin mahnıya çəkilmiş klipini təqdim edib.


Mahnının sözləri və musiqisi Nəriman Abbaszadə və İsmayıl Əsədova məxsusdur. Klipin rejissoru məşhur türkiyəli rejissor Selim Akardır. Musiqi prodüseri isə Stefani Mgebrişvili olub.


Azərbaycanın əsas ulduzlarından olan Aygün Kazımova, bəstəni Nikoloz Raçveli və Gürcüstan Filarmoniya Orkestrinin müşayiəti ilə ifa edib. Orkestrdə 70-dən çox musiqiçi yer alıb.


Türkiyədə lentə alınan klip üzərində 150-dən çox nəfərdən ibarət bir komanda çalışıb. Aylarla davam edən hazırlıqlardan sonra ekran işi yalnız bir çəkilişlə ərsəyə gətirilib.


“Etiraf” yalnız bir klip deyil, eyni zamanda Kazımovanın həyatını əks etdirən qısa filmdir. Bəstə xüsusi olaraq Aygün Kazımova üçün yazılıb. Müğənni burada öz həyatını, musiqi karyerasında zirvəyə gedən yolda yaşadıqlarını, uğurlarını və uğursuzluqlarını dilə gətirib.


“Həyatımın etirafı ilə qarşınızdayam,” – deyən pop diva, illərlə topladığı təcrübəni, yaşadığı çətinlikləri, ağrıları və qazandığı qələbələri musiqi vasitəsilə izah edib.


Aygün Kazımova qeyd edib ki, bu mahnını arzuladığı kimi təqdim etmək üçün illərdir gözləyib:

“Dünya ulduzlarının bu cür işlərini görəndə deyirdim ki, necə bacarıblar? Hər zaman belə bir layihə təqdim etmək arzum olub. Bu ad günündə ən böyük arzumu gerçəkləşdirdim. Rejissor Selim Akar mənə möhtəşəm bir iş təklif etdi. Təkcə mahnını həmin orkestrla yazmaq üçün neçə il gözlədim, çünki növbəyə yazılmışdım. Bu layihə ilə bir çox arzum gerçəkləşdi. Bu, bioqrafiyamda bir yenilik idi. Mahnının sözlərini yazan Nəriman Abbaszadə iş adamıdır. Onunla artıq üçüncü dəfədir çalışırıq. Bu mahnı həyatımın etirafı, yaradıcılığımın simvoludur.”


Müğənni klip üçün eyni zamanda səhnə sənətləri rejissoru Uğur Baburhandan dərslər alıb. Klip ərsəyə gətirilərkən Aygün Kazımovaya azərbaycanlı məşhur modelyer Rüfət İsmayıl dəstək olub. Ekran işində pop ulduz fərqli obrazlarda və geyimlərdə çıxış edib.


Klip artıq müğənninin rəsmi YouTube kanalında yayımlanıb.

Scroll to Top