Avroviziya 2025-in Firuzəyi Xalı mərasimində Azərbaycan nümayəndə heyəti yalnız musiqi ilə deyil, incə zövqlə seçilmiş geyimləri ilə də səhnəyə damğasını vurdu. Bu il layihənin stil konsepti modelyer Niqamat Qurbanovun kurasiyası ilə hazırlanıb. Geyimlər Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın iki nüfuzlu kolleksiyası — “Xalçaların Dili” və “Şəbəkə” kolleksiyalarına əsaslanaraq təqdim edilib.
Firuzəyi xalı üzərində parlayan Mamagama qrupu, onların bek-vokalçıları və nümayəndə heyətinin rəhbəri, aparıcı Nurlana Cəfərova xüsusi hazırlanmış bu geyimlərlə çıxış etdilər. “Xalçaların Dili” kolleksiyası Azərbaycan xalçaçılıq sənətinin nadir ornamentlərini müasir moda dili ilə təqdim edir və bu işlər artıq 2016-cı ildən bəri 8 ölkədə nümayiş olunaraq bir sıra beynəlxalq mükafatlara layiq görülüb.
Geyimlərdə qara, mavi və qızılı rənglərin harmoniyası, eləcə də buta naxışları və xalça motivləri ilə zənginləşdirilmiş detallar milli kimliyi vurğulayan əsas ünsürlərdir. Asəf, Arif və Həsən bu geyimlərdə yalnız estetik deyil, eyni zamanda mənəvi bir mesaj da daşıyaraq, Azərbaycanın zəngin mədəni irsini Avropa auditoriyasına təqdim etdilər.
Nurlana Cəfərovanın geyindiyi libas isə Xəlilovanın ən son “Şəbəkə” kolleksiyasındandır və klassik incəliklə müasir formaların uğurlu sintezini nümayiş etdirir.
Bu çıxış göstərdi ki, Azərbaycan Avroviziya səhnəsində təkcə musiqi ilə deyil, həm də dəb və dizayn baxımından mədəniyyətini qürurla təmsil edir.
