Fiftysix Magazine

Menyu
Edit Template

Cenni, Lisa və Roz Met Qala 2025-də diqqət mərkəzində

Bu ilin ən möhtəşəm moda gecəsi — Met Qala, “Superfine: Tailoring Black Style” mövzusu ilə keçirilərək həm sənət, həm də stil baxımından çox danışıldı. Hər il olduğu kimi, bu dəfə də dünya ulduzları qırmızı xalçada öz tərzlərini nümayiş etdirdilər. Gecənin ən çox gözlənilən adları arasında “BLACKPINK” qrupunun üzvləri Cenni, Lisa və Roze da var idi. Onlar fərqli üslubları ilə tədbirə xüsusi rəng qatdılar.

Foto: Dimitrios Kambouris (Billboard)

Cenni artıq Met Qala-da üçüncü dəfə iştirak edirdi və bu dəfə də seçimini “Chanel”dən yana etmişdi. Onun ağ-qara tonlarda, çiyinləri açıq və mirvarilərlə tamamlanan paltarı olduqca zərif görünürdü. Geyimin üzərindəki kameliya çiçəyi və kiçik şapka “Chanel”in klassik detalları kimi tanınır və bu elementlər Cenninin obrazına retro və eyni zamanda müasir bir hava qatmışdı. Onun sadə makiyajı və saçları isə ümumi görünüşü tamamlayırdı.

Foto: Jamie McCarthy (Billboard)

Lisa isə Met Qala-da ilk dəfə iştirak edirdi və debütü kifayət qədər cəsarətli oldu. “Louis Vuitton”un xüsusi olaraq hazırladığı libasda şəffaf parçalar, loqolu tayt və parlaq detallar ön planda idi. Geyimin üzərində afroamerikalı rəssam Henri Teylorun portretləri yer almışdı. Onlardan birinin Roza Parksa bənzəməsi sosial mediada müzakirələrə səbəb oldu. “Louis Vuitton” bu portretlərin konkret kimə aid olduğunu təsdiqləməsə də, onların sənətçiyə şəxsi təsiri olan insanlardan ilhamlandığını bildirdi. Lisanın bu görünüşü onun sənət və moda ilə bağlı fərqli baxışını əks etdirirdi.

Foto: Dimitrios Kambouris (Billboard)

Roze isə hər zamankı kimi sadə və zərif qalmağı seçdi. “Saint Laurent” tərəfindən hazırlanan qara, minimal və şık paltarı ilə qırmızı xalçada göründü. Onun bu sadə, lakin diqqətçəkici tərzi göstərdi ki, özünü ifadə etmək üçün mütləq fərqli və ya parlaq geyimlərə ehtiyac yoxdur. Sadəcə düzgün seçim və özünü rahat hiss etmək kifayətdir.

“BLACKPINK” üzvləri bu ilki Met Qala-da yalnız gözəl libasları ilə deyil, həm də özlərinə uyğun tərzləri qoruyaraq iştirak etdilər. Cenninin zərifliyi, Lisanın cəsarəti və Rozun incə sadəliyi Met Qala 2025-i daha da maraqlı etdi.

Scroll to Top