27 iyul 2025-ci il tarixində ABŞ-ın dünyaca məşhur müğənnisi Castin Timberleyk Bakı Olimpiya Stadionunda solo konsert proqramı ilə çıxış edib. Sənətçinin “Justice World Tour” dünya turu çərçivəsində təşkil olunan tədbirə 50.000-dən çox tamaşaçı qatılıb.
Konsert zamanı Timberleyk repertuarına daxil olan məşhur mahnılarını səsləndirib, səhnə performansı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Gecəyə yerli sakinlərlə yanaşı, müxtəlif ölkələrdən gəlmiş musiqisevərlər və tanınmış simalar da qatılıb.
Tədbirdən sonra Bakı Olimpiya Stadionunun ətrafında nəqliyyatın hərəkətində ciddi sıxlıq müşahidə olunub. Heydər Əliyev prospekti boyunca, xüsusilə “Koroğlu” metro stansiyası ilə Asan Xidmət binası arasında avtomobil tıxacları yaranıb. Sakinlər və qonaqlar taksi tapmaqda çətinliklərlə üzləşiblər.
Konsert zamanı bir sıra maraqlı məqamlar da yaşanıb. Belə ki, tamaşaçılardan biri səhnəyə müraciət edərək Timberleykdən ailə qurmaq üçün kömək istəyib. Digər bir cütlük isə övladlarının cinsinin yazıldığı zərfi sənətçiyə təqdim edib. Timberleyk zərfi səhnədə açaraq körpənin cinsini elan edib. Bu an tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, konsert proqramı çərçivəsində dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqlar da Bakıya səfər ediblər. Tədbir Azərbaycanın mədəni və turizm potensialının beynəlxalq səviyyədə təqdim olunması baxımından önəmli əhəmiyyət kəsb edib