Fiftysix Magazine

Menyu
Edit Template

Dilarə Kazımovadan “Köklərə Qayıdış” – Qarabağ naxışları ilə fotolayihə

Müğənni Dilarə Kazımova yay mövsümünə yeni, çoxdan gözlənilən layihəsi ilə start verib. Hər layihəsi ilə şou gündəmini diqqət mərkəzinə gətirməyi bacaran sənətçi bu dəfə “Back to the Roots” (“Köklərə Qayıdış”) adlı fotolayihəsi ilə gündəmdədir.

Layihədə Dilarə Kazımova Qarabağ naxışları ilə işlənmiş zərif yaylıqlara bürünərək qədim Azərbaycan xalçası üzərində poz verib. Milli irsə sayğı və yaradıcı yanaşma ilə ərsəyə gəlmiş bu vizual təqdimat izləyicilərin böyük marağına səbəb olub.

Layihə haqqında fikirlərini bölüşən Dilarə Kazımova deyib:
“Milli xalçalara olan sevgimiz qanımızdan keçir. Bu təkcə daxili əşya deyil, bu tarixdir, ənənələrdir və hər evdə istilikdir. Təsəvvür edin ki, ustalar nəsillərə toxuculuq sirlərini necə ötürür, evlərimizi bəzəyən şah əsərlər yaradırlar. Mən Məşədi Hilal Kazımovun nəticəsi və Bakıxanovların nəslindən bir nümayəndə olaraq öz köklərimə həmişə dəyər vermişəm. Əcdadlarımız bizə həm yaradıcılıqda, həm Vətən sevgisində, həm də milli kimlikdə çox böyük irs qoyublar.”

Layihənin ideyası sənətçi Dilarə Kazımova və Jalə Bağırovaya məxsusdur. Fotoqraf işini isə Tamilla Raxmanina həyata keçirib. Bədii rəhbərliyi və ümumi istehsalat prosesi də Dilarə Kazımovanın özünə aiddir.

Qeyd edək ki, ifaçı hazırda yeni mahnı və klip üzərində çalışır. Sənətçi yaxın zamanda yeni layihəsini də təqdim edəcəyini bildirib.

Scroll to Top