2024-cü il britaniyalı pop ulduzu Dua Lipa üçün uğurlarla dolu keçdi. “Radical Optimism” albomu və “Houdini” sinqlı ilə böyük səs-küy yaradan ifaçı, ilin sonunda da adından söz etdirməyi bacardı. “Phonographic Performance Limited” (PPL) tərəfindən yayımlanan hesabatda Dua Lipa Böyük Britaniyada ilin ən çox səsləndirilən ifaçısı elan olunub.
Bu uğur onu yalnız Spotify və digər rəqəmsal platformalarda deyil, həm də radio, televiziya və ictimai məkanlarda ən çox səslənən sənətçiyə çevirib. Dua Lipa bu siyahıda Teylor Svift və Ed Şiran kimi ulduzları geridə qoyub.
Qeyd edək ki, bu, onun “PPL” reytinqində ikinci dəfə birinci olmasıdır – o, eyni uğuru 2020-ci ildə də yaşamışdı.
Hazırda ifaçının “Radical Optimism World Tour” adlı dünya turu Avropada davam etməkdədir. Ötən günlərdə isə Dua Lipa Parisdə ardıcıl iki gün baş tutan konsertdə 90.000 tamaşaçı qarşısına çıxıb.
Mənbə: “The Sun” – thesun.co.uk / “Service95”