Harry Potter serial olaraq geri dönür.
Uşaqlığımızın sehrli xatirəsi yenidən canlanır. HBO Max 2026-cı ildən etibarən “Harry Potter” dünyasını serial formatında yenidən ekranlara gətirəcək. Uzun və hərtərəfli seçim prosesindən sonra əsas obrazları canlandıracaq aktyor heyəti nəhayət ki, açıqlanıb.
Harry Potter obrazını gənc aktyor Dominik MakLoqlin, Hermiona Qreyncer rolunu Arabela Stenton, Ron Uizli isə Alastair Staut canlandıracaq. HBO, seçimin arxasında duran kastinq direktorları Lusi Bevan və Emili Brokmanın möhtəşəm işini qeyd edərək belə açıqlama verib:
“Uzun və diqqətli bir axtarışdan sonra artıq Harry, Hermiona və Ronumuzu tapmışıq.”
Serialın yaradıcı rəhbəri Françeska Qardiner bildirib ki, 32 mindən çox uşaq baş rollar üçün müraciət edib:
“Bu üç gənc aktyorun istedadı doğrudan da möhtəşəmdir. Onların hər biri özünəməxsusdur və biz səbirsizliklə bütün dünyanın onların sehrinə şahidlik etməsini gözləyirik.”
Qardiner həmçinin seçim prosesində iştirak edən bütün uşaqlara təşəkkür edib:
“Minlərlə uşağın oyununu izləmək bizim üçün böyük zövq idi. Bu qədər istedadlı gənclərlə tanış olmaq əsl sevinc və ilham mənbəyi oldu.”
