Bu il 78-ci dəfə keçiriləcək Kann Film Festivalı çərçivəsində təşkilatçılar tərəfindən geyim qaydalarına dair yeni məhdudiyyətlər elan edilib.
Festival rəhbərliyinin verdiyi məlumata əsasən, builki tədbirdə açıq-saçıq geyimlərə, transparan libaslara, zalda narahatlıq yarada biləcək paltarlara və uzun quyruqlu geyimlərə icazə verilməyəcək. Qeyd olunan məhdudiyyətlərin tədbirin təşkilati nizam-intizamını və rəsmi atmosferini qorumaq məqsədi daşıdığı bildirilir.
Tədbirdə iştirak edəcək nümayəndə heyətlərindən və dəvətlilərdən geyim seçimində müəyyən olunmuş qaydalara ciddi şəkildə əməl etmələri xahiş olunub.
Xatırladaq ki, Kann Film Festivalı dünyanın ən nüfuzlu kino tədbirlərindən biri olmaqla yanaşı, hər il yüzlərlə sənətçi və sənətsevəri bir araya gətirir. Yeni tətbiq edilən qaydaların builki tədbirin ümumi gedişinə və iştirakçıların geyim tərzinə necə təsir göstərəcəyi diqqət mərkəzindədir.