Amerikalı pop ulduzu Keti Perri İspaniyanın Balear adalarında yerləşən Ses Salines təbiət parkında icazəsiz çəkiliş apardığı üçün 6 min avro məbləğində cərimələnib. Məlumatı The Sun nəşri yayıb.
Hadisə 2024-cü ilin iyul ayında müğənninin “Lifetimes” adlı sinqlısının klip çəkilişləri zamanı baş verib. Çəkilişlər San-Espalmador adasındakı dəniz qumluq ərazidə aparılıb. Sözügedən ərazi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir və ciddi qorunma altındadır.
Yerli sakinlərin etirazı əsasında aparılan araşdırma zamanı İspaniyanın Kənd Təsərrüfatı, Balıqçılıq və Ətraf Mühit Nazirliyi müəyyən edib ki, Perrinin prodüser komandası lazımi icazələri almadan qoruq ərazisində çəkiliş aparıb.
Nəticədə müğənninin əməkdaşlıq etdiyi “WeOwnTheCity” prodüser şirkətinə 6 min avro cərimə tətbiq olunub. Rəsmilər, təbiətə uzunmüddətli zərər verilmədiyi üçün əlavə sanksiyaların nəzərdə tutulmadığını açıqlayıb.