Dünyaca məşhur pop ulduz Keti Perri ilə yaşlı bir iş adamı arasında baş vermiş əmlak mübahisəsi ABŞ-da yaşlı vətəndaşların hüquqlarını qorumağa yönəlmiş yeni qanun layihəsinin hazırlanmasına səbəb olub. Qanun, yaşlı insanların daşınmaz əmlak alqı-satqısında aldadılmasının və ya təsir altında qərar verməsinin qarşısını almağı hədəfləyir.
“Təqaüd Yaşlılarının Əmlaklarını Qoruma Aktı”, ingiliscə adı ilə “Protecting Elder Realty for Retirement Years Act”, qısaca “PERRİ Aktı” olaraq tanınan bu təşəbbüsə əsasən, 75 yaşdan yuxarı şəxslərə daşınmaz əmlak müqaviləsindən imzalandıqdan sonra 72 saat ərzində heç bir cərimə ödəmədən imtina etmək hüququ veriləcək.
Bu təşəbbüsə ilham verən hadisə 2020-ci ildə baş verib. Keti Perri, Kaliforniya ştatının Monteçito bölgəsində yerləşən və dəyəri 15 milyon dollar olan bir malikanəni 85 yaşlı iş adamı Karl Vestkotdan almaq istəyib. Karl Vestkot, həmin dövrdə Hantinqton xəstəliyindən əziyyət çəkdiyini, həmçinin onurğa əməliyyatından sonra güclü ağrıkəsicilər qəbul etdiyini bildirərək, müqaviləni imzaladığı anda ağlı başında olmadığını iddia edib və müqavilənin ləğvini tələb edib.
Lakin məhkəmə, Vestkotun müqaviləni imzalayarkən şüurunun yerində olduğunu əsas gətirərək satışın etibarlı olduğunu tanıyıb. Beləliklə, Keti Perri 2024-cü ilin may ayında həmin əmlakın rəsmi sahibi olub.
Bu qalmaqal, yaşlı insanların hüquqlarının daha güclü qorunması üçün ABŞ-ın bir sıra ştatlarında müzakirəyə səbəb olub və “PERRİ Aktı” adı altında yeni qanun layihəsinin təşəbbüsünə gətirib çıxarıb. Layihə, yaşlı vətəndaşların alqı-satqı zamanı qərarlarını rahatlıqla dəyərləndirib, istismar riskindən uzaq olmalarını hədəfləyir.
Qeyd edək ki, bu, Keti Perrinin yaşlı şəxslərlə ilk əmlak mübahisəsi deyil. 2015-ci ildə o, Los Ancelesdə yerləşən bir monastırı almaq istəmiş, lakin yaşlı rahibələrlə uzun və emosional məhkəmə çəkişməsi yaşamışdı. Həmin proses zamanı rahibələrdən biri məhkəmə zalında vəfat etmişdi.
Hazırda “PERRİ Aktı” rəsmi şəkildə qəbul edilməsə də, onun ətrafında müzakirələr artmaqdadır. Qanun qəbul edildiyi halda, bu, yaşlı insanların hüquqlarının qorunması sahəsində mühüm dönüş nöqtəsi ola bilər.