Dünyaca məşhur pop ulduzu Ledi Qaqa, 3 may 2025-ci il tarixində Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən məşhur Kopakabana çimərliyində tamamilə pulsuz konsert proqramı ilə çıxış edib. Tədbirə rekord sayda, təxminən 2,1 milyon insan toplaşıb. Bu, sənətçinin indiyədək keçirdiyi ən böyük canlı konsert hesab olunur.
“Mayhem on the Beach” adlanan konsert Ledi Qaqanın yeni “Mayhem” adlı albomunun təqdimatının bir hissəsi olub. Səhnə “qotik opera” formatında hazırlanıb və konsert boyu həm klassik hitlər, “Poker Face”, “Bad Romance”, “Shallow”, həm də yeni ifalar səsləndirilib.

Konsert Rio şəhər meriyası və yerli təşkilatçıların dəstəyi ilə keçirilib. Rəsmilərin açıqlamasına görə, bu tədbir şəhərin iqtisadiyyatına təxminən 600 milyon real (təxminən 80 milyon funt sterlinq) gəlir qazandırıb. Təhlükəsizlik tədbirləri də yüksək səviyyədə təşkil olunub. Polis konsertə qarşı planlaşdırılan terror hücumunun qarşısını alıb və iki nəfəri saxlayıb.
Səhnədən tamaşaçılara portuqal dilində müraciət edən Ledi Qaqa, Braziliya xalqına sevgisi və dəstəyi üçün təşəkkür edib. İfaçı konserti “musiqi və enerjinin bayramı” adlandırıb.
Mənbə: The Guardian, Cadena SER, The Sun