Ötən il gözlənilmədən dünyasını dəyişən məşhur müğənni Liyam Peynin mirası ilə bağlı yeni detallar açıqlanıb.
Məlumata görə, Liyam 32 milyon dollar dəyərində sərvət buraxıb. Lakin o, rəsmi vəsiyyət yazmadığı üçün Birləşmiş Krallığın irs qanunlarına əsasən bu sərvət avtomatik olaraq sənətçinin yeganə övladı – oğlu Berə miras qalıb.

Berin anası və Liyam keçmiş sevgilisi Çeril Tuide, həmçinin musiqi sənayesində tanınan hüquqşünas Riçard Mark Brey mirasın idarəediciləri olaraq təyin ediliblər. Onlar bu vəsaiti Berin yetkinlik yaşına çatana qədər onun adından idarə edəcəklər.

Xatırladaq ki, Liyam Payne ötən il qaldığı otelin eyvanından yıxılaraq həyatını itirib. Hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində onun həmin an narkotik maddələrin təsiri altında olduğu müəyyən edilib.

Bir vaxtlar “One Direction” qrupunun üzvü olan Liyam Peynin qəfil ölümü dünya musiqi ictimaiyyətində geniş rezonans doğurmuşdu. Onun gənc yaşda həyatdan getməsi həm sənət dünyasında, həm də milyonlarla pərəstişkarı arasında dərin təəssüf hissi ilə qarşılanmışdı.