Skip to content

Fiftysix Magazine

Menyu
Edit Template

Mercedes Benz Fashion Week Paulina’s Friends

Podiumun növbəti möhtəşəm anı Paulina’s Friends brendinə məxsus idi. Brend adının daşıdığı səmimilik və istilik daha ilk anda auditoriyanın diqqətini çəkdi. Hələ başlanğıcda hiss olunurdu ki, bizi fərqli duyğular oyandıran, kreativliyi ilə yadda qalacaq bir təqdimat gözləyir və gözləntimiz tam yerinə düşdü.

Bu kolleksiya, sadəcə geyim deyil, mədəniyyətlərarası dialoqun vizual poeziyası idi. İslam, Ortodoks və Buddizm simvollarının ustalıqla işlənməsi, müxtəlif teksturaların bir-birini tamamlayan harmoniyası podiumda nadir rast gəlinən ruhani bir səhnə yaratdı.

Vizual olaraq, kolleksiya yamaq işi sənətini zirvəyə qaldırırdı. Geyimlərdəki parlaq, ipək parçalar, zəngin zümrüdü-yaşıl və fuşya rənglərinin birləşdiyi, parlaq saplarla işlənmiş naxışlı yaxalar cəsarətli və eyni zamanda zərif bir görünüş təqdim edirdi.

Hər bir paltar fərqli dövrlərin və coğrafiyaların ruhunu özündə daşıyan sanki bir sənət əsəri idi. Kimonoya bənzər siluetlər, qızılı naxışlar və müxtəlif dəri, leopard print, gül motivləri, kətan və metal detallalı parçaların kəsişməsi geyimlərə dinamik, üçölçülü bir tekstura qazandırırdı.

Modellərin üzlərindəki ağ dodaqlar, gözətrafı naxışlar, parlaq rəngli dramatik makiyaj və aksesuarlar kolleksiyanın fəlsəfəsini tamamlayırdı. Geyimlər qədər, modellərin qətiyyətli, eyni zamanda düşüncəli və səmimi duruşu da şounun əsas mesajını gücləndirirdi. Onların hər biri bu “Birləşdirici Enerji”nin canlı daşıyıcısı idi.

Fərqli dinlərin estetik kodlarını vahid bir dizayn xəttində birləşdirən bu şou gecənin ən çox danışılan, ən çox alqışlanan kolleksiyalarından birinə çevrildi. Paulina’s Friends, moda dili ilə “birləşdirici enerjinin” nə qədər güclü ola biləcəyini bir daha sübut etdi, bununla da qəlbləri və mədəniyyətləri bir araya gətirdi.