Bakı dəbin nəfəsini alır…
Mayın sükutunu pozacaq bir ritmlə, paytaxtın küçələri ipək parça kimi dalğalanacaq. Mercedes-Benz Fashion Week yaz təravəti kimi gəlir Bakıya – zərif addımlarla, dərin baxışlarla, dəbin öz diliylə danışaraq.
Bu sadəcə moda nümayişi deyil… Bu, sənətin səhnəyə çıxışıdır. Podyumda libaslar yox, xəyallar yeriyir. Hər addımda mədəniyyət danışır, zamana meydan oxuyan estetikaya bir neçə saniyəlik səssiz alqış tutulur.
15-17 may tarixlərində Bakı, təkcə Xəzərin sahili deyil, dəbin, zövqün və sənətkarlığın da ünvanına çevriləcək. Bütün baxışlar burda toplanacaq. Çünki bu şəhər artıq sadəcə seyr edən deyil… Yazan, yaradan, ilham verən bir modaya çevrilir.
Mercedes-Benz Fashion Week tədbiri Azərbaycan Dəb Dizaynerləri Assosiasiyasının (AFDA) rəhbərliyi ilə keçirilir. Məqsəd – Azərbaycan modasını beynəlxalq platformalarda tanıtmaq, yerli istedadları üzə çıxarmaq və ölkənin moda sənayesinə yeni nəfəs gətirməkdir.
Tədbirin təşkilatçısı Aysel Hüseynova bildirib ki, bu təşəbbüs LED.AZ komandası ilə əməkdaşlıq çərçivəsində reallaşır və iştirakçılara əsl şou təqdim olunacaq.
Foto: Hunter Abrams / Vogue