Müğənni Natavan Həbibi 106.3 FM-də yayımlanan radio proqramında qonaq olub. Veriliş zamanı o, musiqi sənətində peşəkarlıq və hazırkı tendensiyalar barədə fikirlərini bölüşüb.
İfaçı qeyd edib ki, müğənni olmaq yalnız istək və imkanla kifayətlənmir. Onun sözlərinə görə, bu sənət sahəsində fəaliyyət göstərmək üçün ciddi hazırlıq, musiqi təhsili, uzun illərə söykənən təcrübə və yaradıcılıq tələb olunur:
“Zaman və dünya inkişaf edir. Bəli, insan resursları bəzən lazımsız kimi görünə bilər, lakin bu belə deyil. Heç bir süni intellekt insanı əvəz edə bilməz. Gözündə sünilik görünür. Müğənni olmaq üçün illər, məktəb, təcrübə, ürək və beyin lazımdır. İnsanların 99 faizində yaradıcılıq var, amma onu müğənni və peşəkar olaraq düzgün istiqamətə yönləndirmək hər kəsin bacardığı iş deyil”.
Natavan Həbibi bəzi şəxslərin özlərini əsassız olaraq “müğənni” kimi təqdim etməsini tənqid edib:
“Özünüzə “oxuyan” və ya başqa ad verə bilərsiniz. Amma “müğənni” sözünün mahiyyətini nəzərə almadan bu adı daşımaq, onu alçaltmaq doğru deyil. Müxtəlif işlərlə məşğul olub, sadəcə ifa etməklə bu sənətə mənsub olmaq mümkün deyil”.
Müğənni bu çıxışı ilə sənətə peşəkar yanaşmanın vacibliyini vurğulayıb və musiqi cameəsində məsuliyyətli mövqe nümayiş etdirməyə çağırıb.