Azərbaycanın Avroviziya mahnı müsabiqəsində qalibi olmuş müğənni Nigar Camal ölkəmizin builki nəticələrindən narazılığını bildirib və nümayəndə heyətini sərt şəkildə tənqid edib. Müğənni bu barədə “Afaqla 10lar” verilişində danışıb.
Veriliş zamanı ona “Nümayəndə heyətinin rəhbəri olmaq istəyərsinizmi?” sualı ünvanlanıb. Nigar Camal suala belə cavab verib:
“Nümayəndə heyətinin rəhbəri olmaq istəyərdim. Niyə də yox? Çünki çox zəif komandamız var. Biz bu il 37 ölkə arasında 37-ci yeri tutduq. Düşünürəm ki, bu komandamızla əlaqəlidir. Mütləq yeniləmək lazımdır. Avroviziyada tanışlarımız çoxdur, yaxşı bilirik ki, necə keçirilir? Tək mən yox, heç kim məmnun deyil. Üç ildir finala keçmirik, bu, biabırçılıqdır. Finala keçməyə çalışmaq lazımdır. Boykot zəif addım olar, məncə, mütləq finala keçməliyik.”
Qeyd edək ki, Azərbaycan Avroviziya 2026-cı il üçün hələlik rəsmi mövqe açıqlamayıb.