Avroviziya 2025 səhnəsində Azərbaycanın təmsilçisi Mamagama öz məşqini uğurla başa vurdu. Performans səhnənin tam mərkəzində qurulub, yuxarıdan asılmış “lego işıqlar” yumşaq və futuristik bir işıqlandırma yaradır. LED divar boyunca irəliləyən, rəqs edən kölgə siluetləri musiqinin ritminə sinxron şəkildə hərəkət edir, rəqqasların performansına vizual dərinlik qatır.
Mamagamanı səhnədə müşayiət edən üç rəqqas hərəkətləri ilə musiqinin enerjisini tamamlayır. Qrup üzvləri qara rəngin üstünlük təşkil etdiyi dəbdəbəli dəri kostyumlarda çıxış edirlər. Asəf və Həsən fərqli rəng çalarlarında pencəklər seçsələr də, Arif qolsuz köynəyi ilə fərqlənir. Rəqqaslar isə parlaq qara və qırmızı tonlarda tulumlarla səhnəyə dinamizm qatırlar.
Səhnənin kulminasiyasında alov jetləri havanı odla doldurur, performansa “Odlar Yurdu” adına yaraşan dramatik sonluq bəxş edir. Geyimlərdə diqqətçəkən bir detal isə Asəfin əlcəyinə işlənmiş Xarı Bülbül simvoludur – Azərbaycanın milli kimliyinə incə bir işarə.
Qeyd edək ki, səhnə kostyumlarının dizaynı məşhur stilist Niqamət Qurbanov imzası daşıyır.









