Rep ifaçısı PRoMete (Pərviz İsaqov) yeni təqdim etdiyi “Ofis himni” klipində LGBTQIA+ bayrağının görünməsinə dair yayılan müzakirələrə münasibət bildirib.
Sənətçi açıqlamasında bildirib ki, həmin kadrlar təsadüfən lentə alınıb və heç bir təbliğat məqsədi daşımır:
“Mənim və Əlif Cahangirin birgə ərsəyə gətirdiyimiz klipdə kadrlar sözlərə uyğun montaj edilib. Mahnının “Nə qədər fərq var, nə qədər eynilik, bu qədər fərqliliklə eyniyik” hissəsində Stokholmda lentə aldığımız LGBTQIA+ bayrağı sizdə niyə təəccüb doğurur? Axı Stokholmda hər yerdə bu bayraqlar var və insanlar onlarla gəzirlər”.
PRoMete əlavə edib ki, nə LGBTQIA+, nə də heteroluğu təbliğ etmir:
“Mənim insanların cinsi, irqi, dini və digər seçimləri ilə işim yoxdur. İnsanlar yalnız daxili inkişaflarına görə fərqlənirlər. Çünki gəzdikcə görmüşəm ki, insanlar bu seçimlərinə görə mənəvi alçaqlıq və ya yüksəklik qazanmır, daxili inkişaflarına görə fərqlənirlər. Odur ki, əziz dostlar, dünyada olan reallıqlara göz yummaq əvəzinə şəxsi inkişafla məşğul olun”.
Qeyd edək ki, söz və musiqisi PRoMeteyə məxsus “Ofis himni” sənətçinin “39-dan 40-a” layihəsi çərçivəsində təqdim olunan növbəti trekdir.