Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş müğənni Samirə Əfəndi bəzi həmkarlarının müsabiqəni boykot etməsi ilə bağlı məsələyə münasibət bildirib.
Sənətçi bu barədə “Pərvizə görə” verilişində danışıb. O, Avroviziyanı boykot etməyi qeyri-ciddi və məqsədəuyğun olmayan addım kimi qiymətləndirib.
“Avroviziyanı boykot etmək düzgün deyil, bu, gülüncdür. Bu müsabiqə gənc ifaçılar və musiqi sənayesinin inkişafı üçün mühüm platformadır. Xarici mütəxəssislərlə tanışlıq, təcrübə mübadiləsi və musiqinin təqdimatı baxımından böyük imkanlar yaradır,” – deyə S.Əfəndi bildirib.
Müğənni qeyd edib ki, Avroviziya dünya miqyasında tanınan musiqi festivalıdır və bir çox məşhur ifalar məhz bu səhnədən çıxış edərək geniş auditoriyaya çatıb. Onun fikrincə, finala keçməmək iştirakdan imtina üçün əsas ola bilməz.
“Elə ölkələr var ki, illərlə finala keçə bilmirlər, amma iştirak etməyə davam edirlər. Bu, daha çox çalışmağa və irəliləməyə stimul verməlidir,” – deyə o əlavə edib.
Samirə Əfəndi hesab edir ki, müsabiqəyə qatılmaq ifaçının karyerası üçün əlavə imkanlar açır və beynəlxalq səviyyədə tanınmasına şərait yaradır. O, sənət adamlarını bu kimi platformalardan istifadə etməyə və musiqimizi dünyaya tanıtmağa çağırıb.
“Boykot fikri absurddur və sənətçinin imicinə mənfi təsir göstərə bilər. Avroviziyada iştirak musiqiçilər üçün bir şansdır və bu fürsəti dəyərləndirmək lazımdır,” – deyə müğənni vurğulayıb.