Fiftysix Magazine

Menyu
Edit Template

“Scream 7″in keçmiş rejissoru Kristofer Lendon: “Ölüm təhdidlərindən sonra layihədən uzaqlaşdım”

“Scream 7” filminin keçmiş rejissoru Kristofer Lendon film layihəsindən niyə ayrıldığını nəhayət ki, açıqlayıb. “Vanity Fair” jurnalına verdiyi müsahibədə Lendon bildirib ki, aktrisa Melisa Barreranın filmdən uzaqlaşdırılmasından sonra sosial mediada ona yönələn kəskin reaksiyalar və ciddi təhdidlər səbəbilə rejissorluqdan imtina edib.

2023-cü ilin noyabrında filmin prodüser şirkəti olan “Spyglass Media Group”, Melisanın İsrail–Fələstin münaqişəsində Fələstini dəstəkləməsinə görə onun filmə qayıtmasına icazə verməmişdi. Bu qərarın ardından çoxsaylı tamaşaçı Lendonu hədəf alaraq ona qarşı sərt reaksiya göstərmişdi.

Lendon bildirib ki, aldığı mesajlar arasında ailəsinə və uşaqlarına yönəlmiş ciddi ölüm təhdidləri də olub: “Bəzi insanlar yazırdı ki, uşaqlarını tapacağam və onları öldürəcəyəm, çünki sən uşaq qatillərini dəstəkləyirsən. Bu qədər nifrət qorxunc idi.” Onun sözlərinə görə, bu təhdidlər həm FBI, həm də studiyanın təhlükəsizlik xidmətləri tərəfindən araşdırılıb.

O, Melisanın işdən çıxarılması qərarının onunla heç bir əlaqəsi olmadığını vurğulayıb: “Bu qərarı mən verməmişəm. Mən sadəcə rejissor idim. Amma insanlar Hollivudun iş sistemini başa düşmür, elə bilirlər ki, hər şeyi rejissor həll edir. Məni günahkar çıxarıb hücuma keçdilər.”

Hadisələrdən sonra Kristofer Lendon 2023-cü ilin dekabrında layihədən tamamilə ayrıldığını elan edib: “Bu, mənim üçün bir zamanlar xəyal kimi bir iş idi, amma qorxulu bir yuxuya çevrildi. Artıq ürəyimi bu işə qoymaq istəmədim. Mənə dəyər verilən və hörmət olunan başqa layihələrdə çalışmağı üstün tuturam.”

Yeni rejissor Kevın Vilyamsona dəstək ifadə edən Lendon, onun filmi uğurla yekunlaşdıracağından əmin olduğunu da əlavə edib: “Kevın bu sahəni hamıdan yaxşı bilir. Əminəm ki, möhtəşəm bir iş ortaya qoyacaq.”

Beləliklə, Kristofer Lendon şəxsi təhlükəsizliyi və mənəvi rahatlığı naminə “Scream 7” layihəsindən çəkildiyini açıqlayıb.

Scroll to Top