Amerikalı məşhur rejissor Derren Aronofskinin yeni filmi “Caught Stealing” ilə tamaşaçıları yenidən ekran qarşısına kilidləməyə hazırlaşır. Vanity Fair jurnalının yayımladığı ilk eksklüziv görüntülər artıq böyük maraq doğurub.
Baş rolda Ostin Batlerin yer aldığı filmdə ona Zoi Kravits, Mett Smit, Recina Kinq, Bad Banni və Vinsent D’Onofrio kimi tanınmış aktyorlar qoşulurlar. Filmin mərkəzində isə keçmiş beysbolçu Henri dayanır – o, təsadüfi şəkildə Nyu-Yorkun kriminal dünyasına sürüklənir və 1990-cı illərin qaranlıq küçələrində həyatda qalmağa çalışır.
Dərin psixoloji atmosferi və vizual estetikası ilə tanınan Aronofski bu dəfə də fərqli və sarsıdıcı bir hekayə təqdim edir. Yayımlanan ilk səhnələr ehtiras, təhlükə və qərarsızlıqla dolu bir dünyanın qapılarını aralayır.
Filmin ABŞ üzrə kinoteatrlarda rəsmi premyerası 29 avqusta planlaşdırılıb.