Fiftysix Magazine

Menyu
Edit Template

Tofiq Hacıyev: “Musiqi mənim Tanrı ilə söhbətimdir”

Estradanın gənc simalarından olan Tofiq Hacıyev öz üslubu və səsi ilə dinləyicilərinin qəlbini fəth edib. Bir çox hitləri ilə tanınan və müxtəlif müsabiqələrdə uğur qazanan ifaçı illərdir ki, Azərbaycan musiqisinin gənc pop ulduzlarından biridir. Bu müsahibədə Fiftysix Magazine Tofiqin musiqi dünyasını kəşf edir.

“Musiqi mənim Tanrı ilə söhbətimdir. Hər kəsin Tanrı ilə ünsiyyət qurma üsulu var. Bəziləri yaradıcı qüvvəni təbiətdə, başqa bir yerlərdə axtarır . Mən isə incəsənətdə Tanrının yaratdığı mükəmməlliyi duyuram. Yaxşı musiqi, gözəl melodiya məni daim Tanrı ilə ünsiyyətdə saxlayır. Bu yolda ən böyük ilham mənbəyim məhz Tanrıdır.”

“Mən musiqidə bu gücü hiss edirəm. Mahnılarım mənim daxili dünyamın ifadəsidir. Hər zaman özümü musiqi ilə ifadə etməyə çalışıram və bu, mənim üçün olduqca təbii alınır.”

“Səhnədəki Tofiqlə real həyatda olan Tofiq tamamilə fərqlidir”

Səhnədəki Tofiq Hacıyev və gerçək həyatda olan Tofiq Hacıyev arasında böyük fərq var. Sənət mənim üçün azadlıqdır – səhnədə istənilən obrazı yarada, onu gerçəkləşdirə bilərəm. Yaradıcılığa, fərqli üslublara, eksperimentlərə açıq bir insanam.

Ancaq gerçək həyatda fərqli biriyəm – qaydaları olan, utancaq, insanlarla arasında müəyyən sərhədlər qoyan, çərçivələri olan bir insan. Səhnə isə mənim üçün limitsiz bir dünyadır. İnsanlar səhnədə məni şən, səmimi, enerjili biri kimi qəbul edirlər. Lakin gerçək həyatda sərhədlərim var və mən bu sərhədlərə hörmət edilməsini gözləyirəm. Eyni zamanda, mən də digərlərinin sərhədlərinə hörmətlə yanaşıram.

“Mənim üçün ən dəyərli mahnı – Oyan”

Mənim üçün ən dəyərli mahnım Oyandır. Bu mahnının ötürdüyü mesajı anlayan insan, əslində, məni də anlayacaq. Çünki bu mahnı mənim Tanrı ilə olan ünsiyyətimin bir əksidir, mənim həyat fəlsəfəmdir.

“Başqa yol yox, məni yalnız xilas edər mən
ya yox olacam, ya da diriləcəm yenidən”

Etnik Pop janrında olan mahnının hər notu mənim daxili aləmimi əks etdirir. Heç kimə deyə bilmədiyim sözlər, ruhumun ən dərin hissləri məhz Oyan mahnısında var. Onun melodiyası, ritmi, harmoniyası – hamısı məni ifadə edir.

Oyanı Avroviziya üçün də təqdim etmişdim. Mahnını dinləyicilərlə paylaşanda çox gözəl, inanılmaz geri dönüşlər aldım. Onların bu mahnıya verdiyi reaksiyalar, hiss etdikləri mənim üçün çox dəyərlidir. Daha da sevindirici hal odur ki, artıq Avropada partilərdə və Avroviziya tədbirlərində də bu mahnı səslənir.

“Dinləyicilərimə təşəkkür edirəm”

Sizin vasitənizlə dinləyicilərimə dərin təşəkkürümü bildirirəm. Tamaşaçılar səhnədəki Tofiq Hacıyevi kifayət qədər tanıyırlar və bu, mənim üçün yetərlidir. Komandanıza və izləyicilərimlə aramda körpü olduğunuz üçün təşəkkür edirəm!

Scroll to Top