Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il İqlim Dəyişikliyi Konfransına (COP29) həsr olunmuş “Yer Kürəsi Uşaqların Gözü ilə” Beynəlxalq Foto Müsabiqəsi elan edilib. IDEA Kampaniyasının (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) və kampaniya prezidenti Leyla Əliyevanın dəstəyi ilə baş tutan müsabiqə dünyaca nüfuzlu fotoqraf, “Reza Visual Academy”-nin təsisçisi Reza Deqatinin təşəbbüsü ilə keçirilir. 11 oktyabr 2024-cü il tarixindən 31 oktyabr 2024-cü il tarixinədək dünyanın hər yerindən 18 yaşına qədər uşaq və yeniyetmələr təbiətin gözəllikləri, çirklənmə və iqlim dəyişikliyinin yaratdığı problemlər barədə fərqli baxışlarını bölüşməyə dəvət olunur.
“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” mövzusu altında keçirilən müsabiqə gəncləri ətraf mühitə sevgilərini və planetimizin gələcəyi ilə bağlı narahatlıqlarını əks etdirən cəlbedici fotoşəkillər çəkməyə təşviq edir. Qalib gələn fotoşəkillər 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində noyabrın 11-dən Bakıda Heydər Əliyev Mərkəzində sərgilənəcək. Burada dünya liderləri, ətraf mühit müdafiəçiləri və ictimaiyyət gənc fotoqrafların verdiyi güclü mesajların şahidi olmaq üçün bir araya gələcəklər. Fotoqrafiyada təcrübə və bacarıq səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdən 18 yaşa qədər uşaq və yeniyetmələr müsabiqəyə dəvət olunurlar. İştirak etmək üçün iştirakçılar mövzuya uyğun gələn 1- dən 20-dək fotoşəkil təqdim edə bilərlər.
Müsabiqə üçün uyğun sayılan müraciətləri fotojurnalistika və fotoqrafiyada önəmli mükafatlar qazanmış fotoqraflardan ibarət münsiflər heyəti nəzərdən keçirəcək. Fotoşəkillər yaradıcılıq, mövzuya uyğunluq, düşüncə və emosiya oyatmaq bacarığı əsasında qiymətləndiriləcək. Qaliblər qlobal səviyyədə tanınma fürsətindən əlavə, sənət nailiyyətlərinə görə SRL kameralar qazanacaqlar.
Yarışmada özünü sınayan şəxslər şəkillərinin kontekstini və mövzu ilə əlaqəsini təsvir edən qısa izah təqdim etməlidirlər. Təqdimatlar https://childreneyes.earth ünvanında müsabiqənin rəsmi internet səhifəsi vasitəsilə onlayn olaraq edilə bilər. Əlavə məlumat və təlimatlar saytda mövcuddur.




