Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunan “Nizami: daxili aləm” sənədli filmi beynəlxalq festivallarda tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) sifarişi ilə ərsəyə gələn ekran əsəri ingilis dilində lentə alınıb və Nizami Gəncəvinin yaradıcılığını, fəlsəfi baxışlarını və bəşəri ideyalarını dünya auditoriyasına tanıtmağı hədəfləyir.
Filmin yaradıcı heyəti:
Ssenari müəllifi: Kristina Lin Morelli
Rejissor və prodüser: Atakan Kerküklü
Operatorlar: Miya Lusia Keyhli Padcet, Ceremi Stefan Fut
Montaj redaktoru: Bahəddin Dastan
Filmin rejissoru Atakan Kerküklü bildirib ki, festival nümayişləri zamanı ekran əsəri həm tamaşaçılar, həm də kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib:
“Nizami Gəncəvi yalnız Azərbaycan ədəbiyyatının deyil, dünya mədəniyyətinin də nadir simalarından biridir. Onun irsini müasir təqdimat üslubu ilə beynəlxalq auditoriyaya çatdırmaq bizim əsas məqsədimiz idi. Festival nümayişlərində tamaşaçıların müsbət rəyi göstərdi ki, biz bu məqsədə nail olmuşuq”, – deyə Kerküklü vurğulayıb.
Filmin çəkilişləri iki ildən çox davam edib və ondan çox ölkədə aparılıb. Ekran əsərində dünyanın müxtəlif ölkələrindən olan tanınmış tarixçilər, ədəbiyyatşünaslar və mədəniyyət xadimləri Nizami Gəncəvinin yaradıcılığı və onun bəşəri dəyərlərə töhfəsi haqqında öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, filmin festival turu çərçivəsində Avropa, Asiya və Amerikada nümayişləri təşkil edilib. Film, Azərbaycan mədəniyyətinin və Nizami irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisə kimi qiymətləndirilir.


