Fiftysix Magazine

Menyu
Edit Template

Polad Bülbüloğlunun 80 illik yubileyi möhtəşəm gecə ilə qeyd olundu

Fevralın 4-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş “Qayıdış” adlı möhtəşəm konsert keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, mədəniyyət xadimləri, millət vəkilləri və sənətkarın musiqisini sevənlər iştirak ediblər. Gecənin açılışında Polad Bülbüloğlunun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğu elan edilib. Ardınca Rusiyanın mədəni əlaqələr üzrə nümayəndəsi Mixail Şvıdkoy sənətkarı qonşu ölkənin rəhbərliyi adından təbrik edib.

Konsert boyunca unudulmaz mahnıları ilə tamaşaçıların qəlbini fəth edən yubilyara tanınmış sənətçilər də qoşulublar.Samir Cəfərov, Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva,və Nərgiz Kərimova kimi Xalq və Əməkdar artistlər öz ifaları ilə gecəyə rəng qatıblar. Özbəkistanda yaşayan, həm Azərbaycan , Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İnquşetiya və Qaraqalpaqıstan respublikalarının Xalq artisti fəxri adına layiq görülən Fərrux Zakirov gecədə öz möhtəşəm ifası ilə yadda qalıb.Fərhad Bədəlbəyli və Murad Adigözəlzadənin müşayiəti ilə səslənən “Ave Mariya” və “Sevgili canan” romansları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Azərbaycan Dövlət Rəqs Ansamblının təqdim etdiyi milli rəqslər gecəyə xüsusi ahəng qatıb. İfaçıları Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Musiqi dolu bu gecə sənətkarın dillər əzbəri olan “Şən Azərbaycan” mahnısı ilə başlayıb və “Odlar yurdum mənim” nəğməsi ilə başa çatıb. Tamaşaçılar Azərbaycan musiqi mədəniyyətinə əbədi iz qoymuş sənətkarın bu möhtəşəm gecəsindən unudulmaz təəssüratlarla ayrılıblar.

Scroll to Top