Britaniya musiqisinin ən böyük gecəsi – ilin ən yaxşı sənətçilərini, mahnılarını və albomlarını qeyd edən “BRIT Awards” 2025 sona çatıb. Bu ilki mərasimdə ifaçılardan tutmuş səhnə və incəsənət ulduzlarına qədər bir çox istedadlı isimlər mükafatlandırılıb.
“BRIT Awards”, Britaniya Fonoqrafiya Sənayesi (BPI) tərəfindən təqdim edilən və 2024-cü ilin Britaniya və beynəlxalq musiqisində ən yaxşıları tanıyan Brit mükafatlarıdır. Tədbir 1 mart 2025-ci il, şənbə günü Londondakı “The O2” arenasında baş tutub. Aparıcılığını isə beşinci dəfə Cek Uaytoll edib. O, 2021-ci ildən sonra yenidən mərasimin ev sahibi kimi geri dönüb.
Bu ilki namizədlər siyahısına Çarli XCX rəhbərlik edib. O, İlin Britaniya Albomu, İlin Mahnısı və İlin Britaniya Artisti də daxil olmaqla beş nominasiya qazanıb. Dua Lipa, “The Last Dinner Party” qrupu və “Ezra Collective” isə hər biri dörd nominasiya ilə Çarli XCX-i izləyiblər.

2025-ci ilin “BRIT” mükafatının dizayneri isə rəssam Qabriel Moses olub. Heykəl, Mosesin Nigeriya irsindən və Cənubi Londondakı yaradıcılıq təcrübəsindən ilhamlanaraq hazırlanıb.
Qaliblər:
İlin Britaniya Albomu: Çarli XCX – Brat
İlin Mahnısı: Çarli XCX ft. Billi Ayliş – “Guess”
İlin Britaniya Artisti: Çarli XCX
Ən Yaxşı Alternativ/Rok İfaçısı: Sam Fender
Ən Yaxşı Britaniya Qrupu: “Ezra Collective”
Ən Yaxşı Pop İfaçısı: Ceyd
Ən Yaxşı R&B İfaçısı: Rey
Ən Yaxşı Elektron/Rəqs İfaçısı: Çarli XCX
İlin Bəstəkarı: Çarli XCX
Qlobal Uğur Mükafatı: Sabrina Karpenter
İlin Beynəlxalq Artisti: Çappell Roan
Ən Yaxşı Yeni Sənətçi: “The Last Dinner Party” qrupu
Bu ilin “BRIT Awards” mükafatları Çarli XCX üçün möhtəşəm bir gecə olub – o, beş fərqli kateqoriyada qalib gələrək gecəyə damğa vurub.