Böyük Britaniyanı 2025 Avroviziya Mahnı Müsabiqəsində Remember Monday qrupu “What The Hell Just Happened?” mahnısı ilə təmsil edəcək. Şarlotta Stil, Holli-Enn Hall və Loren Börndən ibarət olan bu İngilis country-pop triosu 2019-cu ildə “The Voice UK” yarışması ilə tanınmağa başlayıb. Son illərdə TikTok-da viral olan ifaları sayəsində geniş izləyici kütləsi toplayıblar.
Qrupun musiqisi pop və country janrlarının sintezindən ibarətdir və onlar Beyonsenin “Cowboy Carter” albomuna bənzər bir üslub izləyirlər. Avroviziya üçün seçilən mahnıları güclü melodiyası ilə fərqlənir və üzvlər bunu “reallaşan bir yuxu” kimi dəyərləndirirlər.
Remember Monday, 1999-cu ildən bəri Böyük Britaniyanı Avroviziyada təmsil edəcək ilk qız qrupudur. Onlar may ayında İsveçrənin Bazel şəhərində keçiriləcək müsabiqədə bir başa final mərhələsində çıxış edəcəklər.
