İslandiya 2025 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək nümayəndəsini “Söngvakeppnin” adlı məşhur milli seçim turu vasitəsilə müəyyənləşdirdi. Altı iştirakçının mübarizə apardığı final mərhələsində VÆB qrupu “Róa” adlı mahnısı ilə qələbə qazanaraq ölkəni beynəlxalq səhnədə təmsil etmək hüququnu əldə etdi. Səsvermə həm tamaşaçıların, həm də münsiflərin (50%-50%) birgə qərarı ilə yekunlaşdırıldı.
VÆB qrupu qardaşlar Matthías Davíð və Hálfdán Helgi Matthíasson tərəfindən təsis edilib. Onlara musiqiçi dostları Gunnar Björn Gunnarsson və Ingi Þór Garðarsson da qoşulub. Maraqlıdır ki, əvvəlcə zarafat xatirinə yaradılan bu layihə, zamanla ciddi musiqi karyerasına çevrilib.
Qrup ötən il “Bíómynd” mahnısı ilə “Söngvakeppnin”də iştirak etsə də, arzuladığı nəticəni əldə edə bilməmişdi. Lakin bu ilki uğur onların səhnəyə qayıdışının nə qədər iddialı olduğunu sübut etdi.