Azərbaycanın 2024-cü il üçün Avroviziya təmsilçisi Mamagama artıq rəsmi olaraq təqdim edilib! Qrup bu gün İctimai TV-nin “Sabahın Xeyir, Azərbaycan” verilişində qonaq olub və Avroviziya fanatlarının böyük marağına səbəb olub.
Azərbaycanın Avroviziya nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova bildirib ki, ilkin plan Mamagamanı birbaşa mahnı və kliplə təqdim etmək idi. Lakin Avroviziya fanatlarının təkidi ilə qrupun adı daha erkən açıqlanıb. O, fanatlara salam göndərərək, iki il ardıcıl finala keçməməyi “dağıdılması vacib olan bir karma” adlandırıb və bu il daha yaxşı nəticə üçün əllərindən gələni edəcəklərini bildirib.
İndi isə Mamagamanın mahnısını gözləyirik! Rəsmi məlumata görə, 20-25 fevral tarixləri arasında təqdim olunacaq mahnı üzərində son montaj işləri aparılır.
Bundan əlavə, qrupun Avroviziya öncəsi bir sıra pre-partylərdə iştirak edəcəyi də təsdiqlənib. Üstəlik, dünyaca məşhur bir qrupla eyni səhnəni bölüşmək ehtimalı da var! Bu isə artıq Mamagamanın böyük bir səhnəyə addım atdığını göstərir.
Azərbaycan bu il Avropa səhnəsində parlayacaq – uğur yolumuz açıq olsun!